Premyer Liqanın ən erkən dublu
Topaz Premyer Liqasının IX turu “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin dublu ilə əlamətdar olub. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmada (2:2) qonaqların qapısına 2 dəfə yol tapan müdafiəçi bunu matçın ilk 19 dəqiqəsində gerçəkləşdirib.
Bu, son iki ildə Premyer Liqanın ən erkən dubludur. Ölkə çempionatları tarixində matçın əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabo olub. Fransalı hücumçu “Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu “Neftçi” ilə görüşün ilk 16 dəqiqəsində iki qola sevinib. Şəhriyardan 777 gün əvvəl - 2016-cı il sentyabrın 10-da keçirilən matçda ümumilikdə 3 top vuran hücumçu 8:0 hesablı qələbədə pay sahibi olub.