"Qalatasaray"dan Fernandes həmləsi

Transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış Türkiyə nəhəngi "Qalatasaray" heyətinə daha bir ulduz futbolçu qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, “Qalatasaray” Rusiyanın “Spartak Moskva” klubunda çıxış edən və daha əvvəl “sarı-qırmızılılar”ın formasını geyinmiş Gedson Fernandeslə maraqlanır.

Rusiyalı jurnalist Maksim Nikitinin məlumatına görə, İstanbul təmsilçisinin rəsmiləri “Spartak Moskva”nın idman direktoru Francis Cagigao ilə əlaqə saxlayaraq 27 yaşlı portuqaliyalının transfer şərtləri barədə məlumat alıblar.

Bildirilir ki, “Qalatasaray” hələlik futbolçu üçün konkret və rəsmi təklif irəli sürməyib. Buna baxmayaraq, iki klub arasında danışıqlar üçün əlaqə kanalının açıq olduğu qeyd edilir.

Qeyd edək ki, Gedson Fernandes 2021-ci ildə icarə əsasında “Qalatasaray”da çıxış edib. Portuqaliyalı yarımmüdafiəçi daha sonra “Beşiktaş”a keçib, ötən mövsümün əvvəlində isə 20 milyon avro qarşılığında “Spartak Moskva”nın formasını geyinməyə başlayıb.