"Qarabağ" bu qələbəni layiqli qazandı" - "Şerif"in baş məşqçisi
"Rəqibi qrupa düşməsi münasibətilə təbrik edirik. Bu gün güclü komandaya uduzduq. Ümid edirdik ki, sonadək, ən azı ilk hissədə bərabərliyi saxlayacağıq. Ancaq erkən qol buraxdıq. Bu, "Qarabağ"ın ilk hücumundaca baş verdi. İlk hissədə futbolçularımızda özünəinam hissi yox idi. İkinci hissədə bir az oyunumuz yaxşılaşdı. Ancaq "Qarabağ" vaxtında 2-ci və 3-cü qolları vurdu".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu Moldova "Şerif"inin baş məşqçisi Qoran Sabliç Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
Oyunöncəsi mətbuat konfransında çox inamlı danışırdınız. Bugünkü məğlubiyyətinizə səbəb "Qarabağ"ın möhtəşəm oyunu oldu, yoxsa komandanızın aciz çıxışı?
- İlk növbədə, "Qarabağ"ın oyununu fərqləndirərdim. Bəzi futbolçularımız zəif çıxış etdilər. "Qarabağ" bu qələbəni layiqli qazandı. Komandaya iradı həmişə tapmaq olar. Bu gün fərdi oyun keyfiyyətləri ilə seçilən, Çempionlar Liqasının qrupunda oynamış komandaya uduzduq. Bütün gücümüzü ortaya qoyduq. İlk oyunda qalib gəlmişdik, amma cavab görüşündə də qol vurmağımız lazım idi. Bunu bacarmadıq.
Düşünürdünüzmü ki, daha böyük hesabla uduzacaqsınız?
- Oyundan sonra vacib deyil ki, nə düşünürsən. Bu səviyyə üçün oyun göstərə bilmədik. "Qarabağ" daha 1-2 qol vura bilərdi.
İlk oyundan sonra bildirmişdiniz ki, "Qarabağ" sizi heç nə ilə təəccübləndirmədi. Bəs bu dəfə?
- Belə şey deməmişəm. "Qarabağ"a həmişə kompliment bildirmişəm. Demişəm ki, rəqibin necə oyanayacağını bilirəm. "Qarabağ" topla çox rəftar edir və zamanını gözləyir.
Sirr deyisə, oyundan sonra Qurban Qurbanova nə dediniz?
- Qələbə və yaxşı oyun münasibətilə təbrik etdim və qrupda uğurlar arzuladım.
"Qarabağ"ı qrupda izləyəcəksiniz? Bu potensialla komanda 1/16 finala çıxa bilərmi?
- "Qarabağ"a ötən il Çempionlar Liqasında baxmışdım. Bu komandaya simpatiyam var. Bu il də elə olacaq. Bu il "Qarabağ" bizim üçün çətin rəqib idi.