"Qarabağ" rəsmisi Avropa Klublar Birliyində

"Qarabağ"ın baş meneceri Asif Əsgərov növbəti dəfə  Avropa Klublar Birliyinin (ECA) işçi qrupunun üzvü seçilib.

Sportline.az xəbər verir ki, yeni işçi qrupunda 20 nəfər təmsil olunub. Başa çatan 2017-2019-cu il mərhələsi üçün işçi qrupunda 40 nəfər yer alıb. Həmin işçi qrupunun səlahiyyət müddəti bitdiyinə görə 2019-cu ildə 4 il üçün seçki yolu ilə yeni işçi qrupunun yeni tərkibi müəyyənləşib. Qrup üzvlərinin sayının endirilməsində məqsəd kəmiyyəti azaltmaq və keyfiyyəti yüksəltməkdir.  Azərbaycanı "Qarabağ"ın baş meneceri Asif Əsgərov təmsil edir. Yeni işçi qrupunda "Barselona", "Arsenal", "Borussiya" (Dortmund), "Yuventus" kimi klubların da  üzvləri seçilib.

Yeni tərkibdəki 20 nəfərdə köhnə tərkibdən cəmi 3 klub təmsil olunub ki, onlardan biri də "Qarabağ"dır. A.Əsgərov Avropa Klublar Birliyinin daimi və assosiativ üzvü olan 500-dən çox klub nümayəndəsinin arasından seçilib.

Qeyd edək ki, bu, Azərbaycan klub futbol tarixində ilk yüksək uğurdur.