"Qarabağ"a çempionluq kuboku "Neftçi"nin meydanında təqdim oluna bilər

"Qarabağ" Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Səbail"i məğlub edib, çempionluğu vaxtından əvvəl rəsmiləşdirsə belə, həmin oyundan sonra Ağdam klubuna kubok təqdim olunmayacaq.

Sportline.az xəbər verir ki, bunu Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. O bildirib ki, PFL bu dəfə də ənənəyə sadiq qalacaq:

"Belə deyək, kubok çempionun arxasınca gəzməyəcək. Bəlkə heç bu tur çempionluq rəsmiləşməyəcək. Ona görə də kubok son turda – “Neftçi” – “Qarabağ” matçından sonra medallarla birlikdə təqdim olunacaq".

Qeyd edək ki, əgər "Qarabağ" bu tur "Səbail"ə qalib gəlsə, "Qəbələ" - "Neftçi" oyununun nəticəsindən asılı olmayaraq, Premyer Liqanın qızıl medallarını təmin edəcək.