"Qarabağ"ın futbolçusu "Neftçi" yolunda

Ötən gün ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirən "Qarabağ"ı mövsümün sonunda tərk edəcək futbolçulardan biri böyük ölçüdə bəllidi.

Sportline.az xəbər verir ki, qış fasiləsində Ağdam klubuna qayıdan Reynaldo Silva böyük ümidlərlə geri qaytarılsa da, etimadı doğrultmadı.

Bunun nəticəsidi ki, baş məşqçi Qurban Qurbanov braziliyalı hücumçuya cəmi 6 oyunda 186 dəqiqə oynamaq şansı verib. Bu müddətdə Reynaldo bir qola imza atmaq imkanı tapıb.

29 yaşlı forvardla 6 ay + 2 illik müqavilə imzalanmışdı. Anlaşmaya əsasən, klub istəyəcəyi halda mövsümün sonunda müqaviləni iki il uzada bilərdi. Amma hadisələrin gedişatı göstərir ki, "Qarabağ" bu addımı atmayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bundan duyuq düşən "Neftçi" Reynaldonu heyətinə qatmaq üçün hərəkətə keçib. Kluba yaxın mənbə bildirir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olub. Heç bir problem olmasa, "Neftçi"nin yay fasiləsində ilk transferlərindən biri Reynaldo olacaq.

Qeyd edək ki, braziliyalı futbolçu 2013-2017-ci illərdə də "Qarabağ"da çıxış edib. Daha sonra Türkiyənin "Adanaspor", Slovakiyanın "Spartak" və Qazaxıstanın "Aktobe" klublarında top qovan forvard Ağdam təmsilçisi ilə ümumilikdə 4 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.