"Qarabağ"ın oyununda meydana çıxan azarkeş: "Təəssüf ki, həmin vaxt əlimdən başqa heç nə gəlmədi"

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında yaşanan təxribatda özünü tribunadan meydana atan azərbaycanlı azarkeş İlkin Hüseynzadə hadisə ilə bağlı təəssüratlarını Sportline.az saytı ilə bölüşüb. Belçikada yaşayan həmyerlimiz, "Lüksemburqa getməkdə məqsədimiz, oyuna baxmaq, komandamıza azarkeşlik etmək idi. Dronu görəndə vəziyyət dəyişdi", - deyib.

"Həmin anda, meydana girmək olmaz, tutarlar, vurarlar, - kimi fikirlər insandan uzaq olur. Təəssüf ki, həmin vaxt əlimdən başqa heç nə gəlmədi. Həmyerlilərimiz də mənə dəstək verdilər. Sonra kapitan Rəşad Sadıqovun və digər futbolçularımızın xahişi ilə sakitləşdik və oyunun davam etməsini gözlədik", - "Qarabağ" azarkeşi belə deyib.

İ.Hüseynzadə bu təxribatı aciz addım adlandırıb. O deyib ki, bunun cavabını oyunçular meydanda, əsgərlər isə səngərdə verdilər (Ötən gün təxribata cəhd edən erməni əsgəri zərərsizləşdirilib - red.).

Qeyd edək ki, İ.Hüseynzadə Belçikadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəridir.