"Qəbələ" "Beşiktaş"ı məğlub etdi

Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub. 

SportLine.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, əyalət təmsilçisinin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib. 9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” öncə Çexiya “Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4.

Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə komandamız penaltilərlə qalib gəlib – 6:5. Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub.

Turnirin qalibi adına isə finalda Almaniya “Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya “Barselona”sı yiyələnib.