"Qəbələ" çempionatdan imtina etdi
"Qəbələ" klubu əvəzedici komandasının birinci divizionda iştirakından imtina edib.
Sportline.az xəbər verir ki, klub rəhbərliyi əlavə maliyyə itkisinə yol verməmək üçün belə qərar verib. Bununla bağlı AFFA və PFL də məlumatlandırılıb.
Hazırda AFFA, PFL-in "Qəbələ" rəhbərliyini fikrindən daşındırmaq üçün danışıqlar apardığı bildirilir.
Qol.az-ın əldə etdiyi xəbərə görə, "Qəbələ" yalnız 1-ci liqada iştirakdan imtina etməklə bağlı müraciət edib. Klubun aşağı yaş qrupu üzrə digər komandaları isə çempionatlarda iştiraklarını davam etdirəcəklər.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. "Hazırda "Qəbələ" ilə danışıqlar gedir. Danışıqların nəticəsi gələn həftə bilinəcək" - deyə o qeyd edib.