"Qəbələ" "Monako", "Anje" və "Benfika"ya uduzdu

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi “Snaf Mondial Cup”da qrup mərhələsinin oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Fransanın San Nazer şəhərində təşkil olunan yarışda mübarizə aparan 16 komanda 4 qrupda dairəvi sistemlə qüvvəsini sınayıb.

A qrupunda çıxış edən “qırmızı-qaralar” üç oyun keçirib. Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzublar. "Qəbələ" qrup mərhələsini dördüncü yerdə tamamlayıb.

Əyalət klubu 9-16-cı yerlər uğrunda olimpiya sistemi ilə mübarizə aparacaq. “Qırmızı-qaralar”ın buradakı rəqibləri Fransa təmsilçiləri “Tuluza”, “Monako”, “Snaf”, “Brest”, “Vertu”, Serbiyanın “Zvezda” və Meksikanın “Amerika” klubları olacaq.