"Qəbələ" rəhbərliyi yeni baş məşqçi axtarışında?

Klublar Komitəsinin sentyabrın 3-də keçirilən toplantısında premyer-liqada çıxış edən 7 klubun nümayəndələrinin iştirak etdiyini, yalnız “Qəbələ” rəsmisinin ümumi ansambldan ayrı düşərək iclasa qatılmadığını ötən sayımızda xəbər vermişdik. “Qırmızı-qaralar”ın rəhbərliyinin Klublar Komitəsinin yeni mövsümdə ilk toplantısında iştirak etməməsinin səbəbini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Və məlum oldu ki, klub rəhbərliyində təmsil olunan şəxslər – prezident Fariz Nəcəfovla baş menecer Zaur Əzizov ölkə xaricində olduqlarından komitənin toplantısına qatıla bilməyiblər. “Rəhbərlik hansı səbəbdən Azərbaycanı tərk edib” sualına isə hazırda məzuniyyətdə olan Anar bəy “səfərin məqsədini dəqiq bilmirəm” cavabını verdi.


Klubun mətbuat katibi Fariz Nəcəfovla Zaur Əzizovun birlikdə “köhnə qitə”yə səfər etməsinin səbəbini bilməsə də, güman etmək olar ki, yeni baş məşqçi axtarışında olan bölgə təmsilçisinin rəsmiləri namizədlə görüşmək üçün Azərbaycanı tərk ediblər. Zaur bəy ötən saylarımızın birində Elmar Baxşıyevin komandanın müvəqqəti baş məşqçisi təyin olunduğunu bildirmişdi. Mətbuata açıqlama verən Baxşıyev isə yığmaların oyununa görə yaranan fasilədən sonra komandanın növbəti tura yeni çalışdırıcının rəhbərliyi altında çıxacağını istisna etməmişdi. ("Futbol plus" qəzeti)