"Qəbələ” üçün ən xeyirlisi nədirsə, o da olsun" - Sənan Qurbanov

"Uğursuzluq zolağından çıxa bilmirik. Oyunun gedişatında hansısa inkişaf olsa da, bunu heç kəs qəbul etməyəcək. Komandamızdan hamı qələbə gözləyir. "Qarabağ” bu cür səhvləri bağışlamır. Çox üzgünəm. Cəzalandırılmalı insanlar cəzalanacaqlar. Bu komanda öz yerinə qayıdacaq. Bunu söz verirəm”.

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının V turunda "Qarabağ”a səfərdə 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Liderdən 9 xal geridəsiniz. Çempionluq iddianız davam edir?

- Biz mübarizəmizi aparırıq.

- "Qarabağ” neçənci heyətlə meydana çıxmalıdır ki, xal qazana biləsiniz?

- "Qarabağ”da ikinci heyət yoxdur. Onların hər bir futbolçusu yüksək səviyyəlidir.

- Uğursuzluğun səbəbkarı kimdir?

- Baş məşqçi mənəm və məsuliyyət də mənim üzərimə düşür.

- Tərlan Əhmədovun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan xəbərlər işinizə mane olmur?

- Uzun illərdir bu komandadayam. Rəhbərlik hansı qərarı versə, buna hörmətlə yanaşacağam. "Qəbələ” üçün ən xeyirlisi nədirsə, o da olsun.