"Qəbələ" və "Sumqayıt"ın Naxçıvana səfər planı

Mayın 19-da Naxçıvanda Azərbaycan Kubokunun finalında qarşılaşacaq “Qəbələ” və “Sumqayıt” komandalarının səfər proqramı bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə “Report”a həlledici matçda üz-üzə gələcək klublardan məlumat verilib. Hazırda Biləcəri Futbol Mərkəzində məşq edən “Qəbələ” Naxçıvana mayın 17-də saat 18:20 reysi ilə uçacaq. Muxtar Respublikada “Duzdağ” otelində məskunlaşacaq əyalət təmsilçisi mayın 18-də finalın baş tutacağı Naxçıvan şəhər stadionunda bir məşqlə kifayətlənəcək. Heyətdə zədəli olmasa da, sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən müdafiəçi Amin Seydiyev və yarımmüdafiəçi Sabien Lilay finalı buraxacaqlar.

“Sumqayıt” isə bu gün və sabah olmaqla, Bakıda iki günlük təlim-məşq toplanışında olacaq. “Gənclik şəhəri” təmsilçisi mayın 17-də saat 23:30 reysi ilə Naxçıvana uçacaq. Komanda “Təbriz” otelində qalacaq və matçdan əvvəl bir məşq keçəcək.

“Sumqayıt”da Aleksey İsayev cəzalı olduğu üçün finalda iştirak etməyəcək. Ehtiram Şahveriyevlə Peyman Babayi isə zədə üzündən hazırda komanda ilə birgə məşq edə bilmirlər. Onların durumuna oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, final oyunu saat 16:30-da başlayacaq.