"Qəbələ"nin baş məşqçisi dəyişdi

"Qəbələ" klubunda baş məşqçi dəyişikliyi olub. SportLine.az xəbər verir ki, bu vəzifədə Sənan Qurbanovu Zaur Həşimov əvəzləyib.

Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirilən görüşdən (1:0) sonra klubun mətnuat xidmətinin rəhbəri Anar Hacıyev bu barədə məlumat verib:

“UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin “Pro” kateqoriyasına malik olmasıdır. “Qəbələ”nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi, Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki,  nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək “Pro” kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq”.