"Qəbələ"nin komandaları növbəti oyuna çıxıblar

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

Sportline.az xəbər verir ki, U-16 öz meydanında “Keşlə”ni qəbul edib.

3:0 hesabı ilə qalib gələn komanda qış fasiləsinə lider kimi yollanıb. 16 turdan sonra “qırmızı-qaralar”ın 39 xalı var. U-15 səfərdə “Turan Tovuz”un qapısından iki cavabsız top keçirib. 13 oyunda 37 xal yığan komanda yarışın lideridir.

Paytaxt zonasında mübarizə aparan U-14 8 №-li İOEUGİM-ə (Bakı) qalib gəlib - 9:1. Keçirdiyi 14 matçda 31 xal toplayan “Qəbələ” 2-ci yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-13 ilk məğlubiyyətini alıb. UGİM-ə (Mingəçevir) 0:1 hesabı ilə uduzan komanda 13 oyundan sonra 36 xalla 1-cidir. U-12 eyni rəqibi 6:1 hesabı ilə məğlub edib. Bu, “Qəbələ”nin ardıcıl 13-cü qələbəsi olub.

Mingəçevir təmsilçisini 5:1 hesabı ilə yenən U-11 də 14 matçdan sonra xal sayını 42-yə çatdırıb. Oğuz UGİM-ini 7:0 hesabı ilə yenən U-10 da 13-cü qələbəsinə sevinib.