"Qəbələ"nin "Sabah"la altıncı dueli

"Qəbələ" komandası Topaz Premyer Liqasının 4-cü dövrəsinə doğma meydanda "Sabah"la keçirəcəyi oyunla start verəcək.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22-ci turdakı oyun, komandaların ümumilikdə 6-cı dueli olacaq. Mövsümün arxada qalan hissəsində rəqiblər üç çempionat və iki kubok görüşündə üz-üzə gəliblər.

İlk oyunda rəqibinə uduzan “Qəbələ” ardıcıl 4 qarşılaşmada qalib gəlib. Bu beş matçda cəmi 7 qol vurulub. “Qırmızı-qaralar” top fərqində də üstünlüyə malikdir – 5:2. Yalnız Ceyms Adeniyi bu matçlarda birdən artıq qol vurub. O, paytaxt təmsilçisini iki dəfə məyus edib.

Heç-heçənin qeydə alınmadığı beş qarşılaşmadan dördündə bir qol vurulub. “Qəbələ” üç, “Sabah” bir dəfə minimalhesablı qələbə əldə edib. Son üç görüş də bu hesabla nəticələnib.

Premyer Liqa çərçivəsindəki görüşlərdə iki qələbə və bir məğlubiyyəti olan Sənan Qurbanovun komandası 3 qol vurub, 2-ni buraxıb. Əyalət təmsilçisi evdəki hər üç oyunda, həm çempionat, həm də kubokda bir top fərqi ilə qələbə qazanıb. “Qəbələ” ümumilikdə üç, evdə isə iki oyundur qol da buraxmır.

Xatırladaq ki, aprelin 1-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.