"Qəbələ"nin yeniyetmələri çempion oldular

“Qəbələ” U-16 Liqasının çempionu olub.
 
Sportline.az  klubun saytına istinadən xəbər verir ki, bu, yarışın 23-cü turunda rəsmiləşib. Səfərdə İsgəndər Cavadov BFA ilə görüşən “qırmızı-qaralar” rəqib meydanında 6:0 hesablı qələbə qazanıb. Qələbədən sonra komanda xal hesabını 61-ə çatdırıb.

Liderin ən yaxın izləyicisi “Sabah”ın turu xal itkisi ilə başa vurması qızıl medalların taleyinə aydınlıq gətirib. “Sumqayıt”la qarşılaşmada 1:1 hesablı heç-heçə edən bakılıların aktivindəki xal sayı 52-yə yüksəlib. Nəticədə yarışın sonuna 3 tur qalmış “Qəbələ” ilə izləyicisi arasında xal fərqi 9-a çatıb. Şəxsi oyunlarda (1:0, 2:1) paytaxt təmsilçisini üstələyən “qırmızı-qaralar” izləyiciləri üçün əlçatmaz olub və çempion titulunu təmin edib.

Xatırladaq ki, bu, “Qəbələ”nin cari mövsümdə qazandığı ikinci tituldur. U-16-dan əvvəl U-19 komandası da Azərbaycan çempionu adına yiyələnib.