"Qızıl top"un sahibi müəyyənləşdi

Bu gün "France Football" jurnalının təsis etdiyi "Qızıl top" mükafatı ilin ən yaxşı futbolçusuna təqdim olunub. 

Sportline.az xəbər verir ki, Parisdə keçirilən tədbirdə əvvəlcə ən yaxşı gənc futbolçunun adı açıqlanıb. Bu ada Fransa millisi və PSJ klubunun üzvü Kilian Mbappe layiq görülüb.

"Lion"un hücumçusu Ada Hegerberq "ən yaxşı qadın futbolçu" seçilib. 

Sonda isə "ən yaxşı futbolçu" nominasiyasında qalib təqdim edilib. "Qızıl top"a Xorvatiya millisinin və Madrid "Real"ının üzvü Luka Modriç layiq görülüb.

İtaliya "Yuventus"unun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ikinci, İspaniya "Atletiko"sunun və Fransa millisinin forvardı Antuan Qrizmann isə üçüncü yeri tutub. 

Qeyd edək ki, "Qızıl top"un sahibi dünyanın 180 ölkəsindən olan jurnalistlərin səsverməsi nəticəsində müəyyənləşib.