Qurban Qurbanov: "Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq"

Azərbaycan Kubokunda yarımfinalın cavab qarşılaşmasında "Qarabağ" "Qəbələ"yə 2:1 hesabıyla qalib gəlsə də, səfərdəki minimal hesablı məğubiyyətə görə mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, oyundan sonra ənənəvi mətbuat konfransında çıxış edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov təəssüratlarını bölüşüb.

- Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.

- Futbolçulara matçdan dərhal sonra heç bir etiraz etmədiniz?

- Xeyr. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdı. Futbolçularımın yanlarındayam.

- Fasiləyədək “Qəbələ”nin bir neçə fərqlənmək epizodu oldu. İkinci hissədə yenə də qol vurduqdan sonra qapınız qarşısında qol epizodları yarandı. Bu, futbolçularınızın arxayınlığından irəli gəlmirdi?

- Qətiyyən. Sadəcə, qapısında qol gördükdən sonra istənilən rəqib daha əzmlə, istəklə irəli atılır. Oyuna nəzarət edirdik. Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq.