Qurban Qurbanov: "Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim"

"Həddən artıq çətin oyun oldu. "Qəbələ" ilə bundan əvvəlki matçda da 2:1 hesablı qələbə qazanmışdıq".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 23-cü turunda səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən təcrübəli mütəxəssis "Qəbələ"nin məğlubiyyətə layiq olmadığını söyləyib:

"Rəqib bu gün də çox aqressiv oyun göstərdi. Bəlkə də məğlubiyyətə layiq deyildilər. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq".

Təcrübəli mütəxəssis əvəzetmədən meydana buraxdığı Araz Abdullayevin son dəqiqələrdə vurduğu qoldan da danışıb: "Desəm ki, Arazın meydana çıxması ilə çox bir şey dəyişdi, o qədər də düzgün olmaz. Sona az vaxt qalmışdı. Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim. Uğurlu alındı. Diqqətli davrandı və şansdan istifadə edə bildi".