Qurban Qurbanov: "Bizə məlum olmayan sürprizlər gözləyirik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” klubu ilə keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı oyunun çətin keçəcəyini bildirib:

“Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Bilirik ki, rəqib komandaya yeni baş məşqçi gəlib, yeni sistem var. Bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil. Dünya futbolunda hər şey ola bilər. Önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar".

Qurbanov isti hava şəraitini düşünmədiklərini deyib:

"Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsentrasiya olmaq və oyun intizamını saxlamaqdır".

47 yaşlı mütəxəssis ötən mövsüm komandadan ayrılan albaniyalı müdafiəçi Ansi Aqolli barədə fikir söyləyib:

"Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".