Qurban Qurbanov sualları cavablandıracaq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq "Qarabağ" - BATE (Belarus) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Sportline.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi avqustun 6-sı saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. BATE-nin oyunöncəsi son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə "Azərsun Arena"nın mətbuat zalında saat 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:15-də Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 19:20-də Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaqdır və komandanın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaqdır.