Qurban Qurbanovdan qələbə şərhi

Topaz Premyer Liqasının 24-cü turunda "Qarabağ" "Sabah"a 3:0 hesabıyla qalib gəlib.

Sportline.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib.

- Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. Məlumdur ki, "Sabah"a bundan 2 əvvəl oyunda qalib gələ bilməmişik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirilər. Dinamik bir komanda gördük. Həmkarım Elşad Əhmədovu təbrik edirəm.

- Bundan sonra ən çətin oyun kimi hansını düşünürsünüz?

- Hər oyundan sonrakı oyun ən çətindir. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baıxmdan daha çətindir. 

- Emeqara və Reynaldo ehtiyatda qalır. Ancaq vaxtilə "Qarabağ" yaxşı oynadıqlarına görə onları geri qaytarmısınız, bu gün həmin hücumçularda nə çatmır?

- Hər oyun bizim üçün vacibdir. Demək olmaz ki, onlarda nəsə çatmır, hansısa planda zəifdirlər. Digər futbolçularımız heç də pis deyillər. Həm də hazırda oyunçu sayımız çoxdur. Ola bilər ki, qarşıdakı görüşlərdə onları meydanda görək. Hər bir futbolçu bizə lazımdır.

- Bəziləri ilə yollar ayrılacaq?

- Hər mövsümün sonu dəyişikliklər ola bilər. Bu, normal prosesdir. Ancaq indi heç biri ilə bağlı qərar verilməyib.