Qurban Qurbanovun yubiley qələbəsi

"Qarabağ” baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının VI turunun "Sabah”la 2:0 hesabı ilə bitən səfər matçına təsadüf edib.

Bu, 2008-ci ildən "Qarabağ”ın "sükanı arxası”nda olan Qurbanovun 451-ci matçında baş verib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib kimi ayrılıb.

46 yaşlı mütəxəssisin "Qarabağ”ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si Premyer Liqa (320 matç) qarşılaşmalarına, 34-ü avrokuboklara (85 matç), 29-u Azərbaycan Kubokuna (46 matç) təsadüf edib.