Qurban Qurbanovun yeni rekordu

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb. 

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqada XII turun “Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 382-ci matçı olub. Bununla da Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.

2006-cı ildə “Neftçi”də debüt edən sabiq hücumçu 2006/2007 və 2007/2008 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. O, 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.

Qurbanov müxtəlif illərdə “Viləş”, “Şəmkir”, “Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirmiş Qəhrəman Əliyevin rekordunu arxada qoyub.

Qeyd edək ki, “Sumqayıt”la görüşdə 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın 31 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar 390 gündən sonra çempionat matçında xal qazanmayıb. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur.