Ramil Şeydayev: "Əlimdən gələni etdim"

"Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".

Bunları Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları Avro-2020-nin seçmə oyununda sonra deyib. 23 yaşlı hücumçu digər sualları da cavablandırıb.

- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?

- Görürdüm. Yaxşı açıldı, mən də verməli olduğum ötürməni etdim.

- Necə düşünürsünüz, bu, hazırkı mərhələdə millinin ən yaxşı oyunu idi?

- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

- Uels sizi nə iləsə təəccübləndirdi?

- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edir, biz isə bütün komanda ilə müdafiə olunurduq. Çox da hücum etmədik.

- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qol?

- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz...

- Rəqib mənə toxunmamışdı.

- Xorvatiya ilə 9 sentyabr matçınadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

- Əlbəttə. Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq (Report).