Ramin Musayev: "Söz verən var, amma dəqiq bir şey yoxdur"

Futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsi ləğv edilib.

Sportline.az xəbər verir ki, bu barədə "Report”a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Təşkilatçı qurumun rəhbəri bildirib ki, 2018/2019 mövsümünə 1/8 final mərhələsindən start veriləcək: "Komanda sayı az olduğu üçün yarışa 1/8 final mərhələsindən başlamağa məcburuq. İndiki durumda turnirin qrup mərhələsi formatında təşkili də uyğun deyil. Cəmi 14 komanda olacaq - Premyer Liqadan 8, I diviziondan isə 6 kollektiv. Əvəzedici komandaları yarışa buraxa bilmərik. Çox istəyirdik ki, yenilik edək. Amma ortada olan budur. Say azlığı işimizə çətinə salır. Hələ kubokda 14 iştirakçının olmağı, yəni I divizondan 6 komandanın gəlməsi sual altındadır”.

Musayev Azərbaycan Kuboku üçün sponsor axtardıqlarını da deyib. O, hazırda bununla bağlı danışıqların getdiyini söyləyib: "Söz verən var, amma dəqiq bir şey yoxdur”.

Qeyd edək ki, Azərbaycan Kubokuna dekabrın 6-da start veriləcək. Final matçı isə mayın 19-da keçiriləcək.