Rayan Giqs: "Xüsusən Riçard Almeydanı qeyd edərdim"

"Heyətlə bağlı ciddi problem yoxdu. Yalnız Ben Vudbern özünü yaxşı hiss etmirdi. Oyun günü baxacağıq".

Sportline.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz Azərbaycan seçməsi ilə Kardiffdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, komandası ev oyunlarında mütləq qalib gəlməlidi: "İki məğlubiyyətimiz olub. Ona görə də bu görüşdə qələbə bizim üçün çox önəmlidi. Ev matçlarında qalib gəlməliyik. İlk görüşümüz də evdə idi. Azarkeşlər bizə yaxşı dəstək verirlər".

Lakin Giqqz oyunun çətin alınacağını vurğulayıb. O, səbəb kimi Azərbaycan millisinin matçların hamısında qol vura bilməsini göstərib. Baş məşqçi təkcə Qaret Beylə deyil, bütün oyunçulara inandıqlarını vurğulayıb: "Beyl lider kimi kapitan olmağa layiqdi. Onun qol vurmasını çox istəyirik. Çünki bu zaman özünəinam hissi artır. Digər futbolçularımızın da öz potensiallarını göstərəcəklərinə inanırıq. Ben Devislə danışmışam, özünü çox yaxşı hiss edir. Həmçinin Nil Teylor da son görüşlərdə iştirak edib. Hər ikisi təcrübəlidi. Onlara güvənirik".

Giqqz Azərbaycan millisi ilə bağlı da təəssüratlarını bölüşüb: "Rəqibimizin çox istedadlı oyunçuları var. Xüsusən də, Riçard Almeydanı qeyd edərdim. Rəqibin əks-hücumlarına hazırlaşmışıq. Çalışacağıq ki, buna imkan verməyək. Sağ və sol cinah müdafiəçiləri də çox sürətlidilər. Biz Azərbaycanın Xorvatiya ilə oyununu əsas götürmüşük. Bundan əvvəl iki məğlubiyyətimiz olub. Bu oyun bizim üçün çox önəmlidi. Əvvəllər düşünürdülər ki, Xorvatiya və Uels favortidi. Lakin Macarıstanda da müsbət nəticələr qazanır. Ağır qrupdayıq".

Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Report