"Razı qaldığım və qalmadığım məqamlar var" - Qurban Qurbanov

"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: "Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaqistəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var".

"Qarabağ" bu nəticədən sonra "Neftçi" ilə xallarını bərabərləşdirmələrinə rəğmən, 1-ci pilləyə yüksələ bilməyib. Qurbanov çempionluq yolunda əsas rəqiblərinin yox, yalnız öz oyunlarını düşündüklərini diqqətə çatdırıb: "Biz ilk növbədə, öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".

Baş məşqçi Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən və əvəzetmələrdən tam yararlanmamasından da söz açıb: "Arazın çıxışından bir qədər narazı idim. Onu dünən əvəzedici heyətə göndərdim. Əvəzetmələrə gəldikdə, hücumu gücləndirə biləcək iki futbolçu var idi. Onlardan Abdullah Zubir zədəli idi. Oyunun bitməsinə 10 dəqiqə qalmış qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzləmə etmədim".

Qurbanov hazırda "Sabah"ın heyətində çıxış edən Coşqun Diniyevin keçmiş komandası "Qarabağ"a qarşı xüsusi motivasiya ilə çıxış etməsini isə normal sayıb: "İstənilən futbolçu keçmiş komandasına qarşı motivasiya ilə hazırlaşır".

Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyununda “Sabah” “Qarabağ”ı qəbul edib.