Rəqibimizin baş məşqçisi: "Hər kəs oyunun əhəmiyyətini beyninə həkk etməlidir"

AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərimizdən Slovakiya millisinin baş məşqçisi Pavel Hapal yerli federasiyanın rəsmi saytına açıqlama verib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis İordaniya ilə yoldaşlıq və Azərbaycanla seçmə mərhələ oyunları haqda danışıb.

"İordaniya ilə oyuna daha geniş heyətlə çıxacağıq. Bakı səfəri öncəsi futbolçuların hansı vəziyyətdə olduğunu görmək istəyirəm. Həmin matçdan sonra isə oyunçuların sayı 23 nəfərə endiriləcək. Çox vacib oyun olacaq. Bakıda uduzan tərəf hədəflərindən bir qədər uzaqlaşacaq. Mövsümün sonu milliyə dəvət alan futbolçular üçün əlverişli dövr olmasa da, hər kəs oyunun əhəmiyyətini beyninə həkk etməlidir".

Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu yerli vaxtla saat 20:00-da başlayacaq. Hazırda Slovakiya 3 xalla E qrupunun lideridir. Millimizin isə xalı yoxdur və sonuncudur.