Rəqibimizin heyətində zədəlilər var

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də Azərbaycan yığması ilə keçirəcəkləri oyun haqda danışıb.

Sportline.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Bakıdakı matçda təzyiqlə üzləşə biləcəklərini istisna etməyib. Ancaq təcrübəli çalışıdırıcı macarların favorit olduğunu söyləyib:

"Bakıda istənilən ssenariyə hazır olmalıyıq. Azərbaycan millisi ilk dəqiqələrdən hücum edib, bizi təzyiq altında saxlamağa çalışacaq. Bu, bizi təəccübləndirməməlidir. İtənilən halda matçın nəticəsi bizim çıxışımızdan asılı olacaq".

M. Rossi heyətdəki problemlərə də toxunub. O, müdafiə xəttində çıxış edən futbolçuların zədəli olmasından narahatlığını dilə gətirib: "Futbolçuların oyuna necə kökləndiklərini görürük. Artıq 4 gündür hazırlığa başlamışıq. Amma bəzi narahatlıqlarımız da var. Müdafiəçilərdən bir çoxunun xidmətindən məhrum ola bilərik. Tamaş Kadar, Barnabas Bese zədəlidir. Botond Barat və Villi Orban isə düşərgəyə sabah qoşulacaqlar".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Macarıstan - Azərbaycan oyunu 20:00-da başlayacaq. Millimiz 3 gün sonra isə eyni stadionda Slovakiyanı qəbul edəcək.