"Rəqibin potensialına bələdik" - Qara Qarayev
"Sabahdan mübarizəyə başlayacağımız turnir əvvəlkilərdən fərqlənir. Çünki nəticəsi bizə çox faydalı ola bilər".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasında Kosovo yığması ilə keçirəcəkləri ilk tur matçından əvvəl mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi Millətlər Liqasında yaxşı çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildirib. O, Kosovo yığmasını belə dəyərləndirib: "Rəqibi yaxşı tanıyır, hansı gücə və potensiala malik olduqlarını bilirik. Düşünürəm ki, idman şansı yanımızda olsa, uğur əldə edəcəyik".
Qarayev motivasiya sarıdan problemlərinin olmadığını da vurğulayıb: "Bu turnir bizim üçün tam fərqli həyəcan yaradıb. Millətlər Liqası yeni bir eradır. Motivasiyamız - məqsədimizin eyni olması, futbol ictimaiyyətinin bizdən daha yaxşı nəticə gözləməsidir. Motivasiya baxımından problem yoxdur".
"Qarabağ"da çıxış edən oyunçu Moldova "Şerif"i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra azarkeşlər barədə dediklərinin yanlış anlaşıldığını əlavə edib: "Azarkeşlərə ismarıc göndərməmişəm, onları daha çox dəstək olmağa çağırmışam".
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlanacaq.