"Qarabağ"ın 73 yaşlı rəqibi

Bu gün İsveçrənin Nyon şəhərində Avrokubokların I təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, "Qarabağ" UEFA Çempionlar Liqasında Albaniyanın "Partizani" kollektivinə rəqib olub. 1946-cı ildə paytaxt Tiranada təsis olunan klubun adı Albaniya ordusu ilə bağlıdır. Klub ev oyunlarını II Dünya müharibəsinin qəhrəmanı Kemal Stafanın adını daşıyan 20 min azarkeş tutumuna malik stadionunda keçirir. "Partizani" indiyədək 16 dəfə Albaniya Super Liqasının, 15 dəfə ölkə kubokunun, 1 dəfə isə ölkə Super Kubokunun qalibi olub.

Klubun yeni baş məşqçisi Franko Lerda iyunun 17-də ictimaiyyətə təqdim olunub. İtaliyalı mütəxəssis əvvəllər ölkəsinin müxtəlif komandalarına, o cümlədən "Torino" və "Leççe" kollektivlərinə də rəhbərlik edib. "Partizani" yeni mövsüm üçün braziliyalı Uilyam Kordeyro Melo və albaniyalı müdafiəçi Esin Hakayla müqavilə bağlayıb. Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyul tarixlərində olacaq. "Qarabağ" ilk matçını səfərdə keçirəcək.