Rəşad Sadıqov: "Maraqlı qrupa düşdük"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb.

Sportline.az xəbər verir ki, püşkün nəticəsinə görə, Ağdam klubu A qrupunda  “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj”a (Lüksemburq) rəqib olub.

Rəşad Sadıqov “Qarabağ”ın rəsmi saytına açıqlamasında deyib: "Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq. Aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".