"Reynaldo barədə sabah qəti qərar verəcəyik" - Qurban Qurbanov
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mükafatını alıb. SportLine.az xəbər verir ki, mükafatlandırma mərasimindən sonra Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Növbəti dəfə ilin ən yaxşı məşqçisi seçildiniz. Təəssüratlarnız necədi?
- Əvvəlcə hər birinizə təşəkkür edirəm, bu il məni seçdiniz. Bu ada layiq görüləndən sonra həmişə məsuliyyətimiz daha da artır. Gələn il daha diqqətli, ciddi olmalı, futbolumuza, bəlkə də, daha çox vaxt ayırmalıyıq. Çalışacağıq ki, işimizdə ildən-ilə irəliləyiş olsun, futbolumuz üçün daha faydalı olaq.
- Başa çatmaqda olan il üçün kimə səs verərdiniz?
- Bu suala cavab vermək üçün bəlkə hazır deyiləm. Hansısa fikir bildirməyim düzgün olmaz. Çünki bu, daha çox sizə aid olan sahə idi.
- Reynaldo Silvanın artıq "Qarabağ"da olduğunu deyə bilərikmi?
- Hələ tam yox. Reynaldo hazırda Bakıdadı. Həkim müayinəsindən keçəcək. Sabah onunla görüşümüz olacaq. Ondan sonra qəti qərar verəcəyik.
- Reynaldo "Qarabağ"da olarkən əyləncəyə meyilli futbolçu kimi diqqət çəkirdi və yenidən qayıdır. Bununla bağlı şərtiniz olacaqmı?
- Son vaxtlar əyləncəyə meyilli olmuşdu. Formasından da uzaq idi. Mütləq belə bir danışığımız olacaq. Anlaşsaq, bu, hətta müqavilədə də göstəriləcək. Məncə, olmamalıdı. Sabahkı görüşdən sonra dəqiq cavab verəcəm.
- Qış fasiləsində komandanı tərk edən olacaqmı?
- Hər transfer dönəmində belə hallar gözlənilir. Ola bilər ki, hansısa futbolçumuzla maraqlansınlar və ya biz kimləsə qarşılıqlı razılıqla ayrılaq. Ancaq bizdə hələ bu yöndə bir məlumat yoxdu. Həm gedən, həm də gələn ola bilər.
- Con Delarj "Qarabağ"da qalmaq barədə düşünmədiyini deyib...
- Açığı, onunla bu barədə söhbətim olmayıb. Bu üzdən dəqiq cavab verə bilməyəcəm.
- İctimaiyyət arasında belə fikir formalaşıb ki, Qurban Qurbanov bütün diqqətini "Qarabağ"a yönəldəcək və qış fasiləsindən sonra çempionatda gərgin mübarizə izləyəcəyik. Başqa söz-söhbətə yola açmamaq üçün həm çempionluğu, həm də kuboku qazanmağa çalışacaqsınız?
- Gərgin mübarizə hər il olur. Bizim məqsədimiz ildən-ilə daha uğurlu nəticə əldə etmək olub. Nəyə nail olmuşuq, nəyi əldə etmişik, buna ilin sonunda aydınlıq gələcək. Biz klubda hər şeyi peşəkar səviyyədə etməyə çalışırıq. İştirak etdiyimiz bütün turnirlərdə ən yaxşı performans göstərmək istəmişik. Avropa Liqasında mübarizə bitdi. Mayın sonuna kimi çempionatda və kubokda yarış davam edəcək. Çalışacağıq hər iki cəbhədə uğurlu nəticə qazanaq.
- "Arsenal"la oyunda Rəşad Sadıqov erməni təxribatına qarşı addım atarkən Araz Abdullayevin səssiz qalması müzakirələrə səbəb oldu. Arazın həmin andakı sakitliyinə hansı ad vermək olar: peşəkarlıq, yoxsa...? Videoda sizin həmin azarkeşə badalaq vurduğunuz da görünür...
- Hər hansı bir futbolçu haqda fikir bildirmək düzgün olmaz. Bunlar gözlənilmədən, ani olan şeylərdi. Hansısa futbolçunun reaksiya göstərmədiyi üçün üzərinə getmək düz deyil. Bəlkə Araz heç onu tanımayıb, əlində hansı bayrağın olduğuna fikir verməmişdi. Oyunun gedişatında belə hallar ola bilər. Nəinki futbolçularımız, heç bir azərbaycanlı kimləsə vuruşmaqdan geri addım atmaz. 5-6 saniyəlik ani epizod idi. İnsanın düşüncə qabiliyyəti orda ortaya çıxır ki, həmin anda hansı addımı atmaq olar. Dediyim kimi, ola bilər ki, Araz epizodu görməyib. O, kimdənsə qaçan, geri duran oğlan deyil.
- Son günlər mətbuatda qardaşınız Musa Qurbanovun "Zirə"nin prezidenti olacağı ilə bağl xəbərlər yayılıb. Buna da münasibət bildirməyinizi istərdik...
- Musa Qurbanov hazırda Zaqataladadı. Mənə də deyildi ki, belə bir yazı yazılıb. Belə bir fikir yoxdu. Nəsə olsa, yəqin ki, görəcəksiniz.
- Hansısa futbolçu ardıcıl olaraq ilin ən yaxşısı seçiləndə onun xaricə getməsini istəyirik. Siz isə 9-cu ildi ki, ən yaxşı məşqçi seçilirsiniz. Planlarınız arasında Avropa klublarının birində çalışmaq varmı? Və özünüzə indiyə qədər təklif olubmu?
- Təxminən 3-4 il əvvəl mənə bu sual verilmişdi. Onda demişdim ki, azərbaycanlı kimi, ölkə futboluna xidmət etmək istəyirəm. Bu gün də daha çox yerli məşqçilərin futbolumuzda olmasına ehtiyac var. Yerli məşqçilər futbolçuların zehni düşüncələrini də yaxşılaşdırmağa çalışsın. Ciddi bir təklif də olmayıb. Bu barədə hələlik düşünmürəm. Hər şeyə real baxmaq lazımdı. Desəm ki, "Qarabağ"ı atıb xaricdə işləmək istəyirəm, mənim üçün düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. Bütün fikrim "Qarabağ"dadı. 11-ci ildi bu klubdayam və həmişə sadiq olmağa çalışmışam. Getdiyim zaman da sadiq insan kimi ayrılmaq istəyirəm. Bu gün burdan daha yaxşı təklif var, daha böyük işlər görmək olar düşüncəsi haqsızlıq olardı.
- Qış toplanışı və transferlərlə bağlı planlar hazırdımı?
- İş gedir, amma hələ hazır deyil. Yanvarın 6-da Antalyaya gedəcəyik, ayın 27-nə kimi orda qalacağıq. Transferlərlə bağlı isə iş gedir.
Matç.az