Roberto Bordindən qələbə şərhi

Topaz Premyer Liqasının 25-ci turunda "Neftçi" səfərdə "Sabah"ı məğlub edib.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin qələbəni belə şərh edib.

"Nəticədən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq. Xüsusən də ilk yarıda çətinliklə üzləşdik. Hər iki komandanın qol imkanları oldu. Mirabdulla Abbasovun boşa verdiyi epizodu qeyd edərdim. Fasilədən sonra vəziyyəti dəyişdik. Rəqibin azlıqda qalması da xeyrimizə oldu. Qalib gəldiyimiz üçün sevinirəm. Ancaq bəzi futbolçularımızın zədələnməsi və sarı vərəqə limitini doldurmasına görə üzgünəm. Azarkeşlərimizə də təşəkkür edirəm. 

"Çempionatın sonu yaxınlaşır. Liderlə aramızda iki xal fərq var. Hər oyunda rəqibin azlıqda qalması sayəsində bura gəlib çıxmamışıq. Hər matçda böyük hesabla qalib gəlmək olmur. Çempionluğun taleyinin son turda "Qarabağ"la görüşdə həll olunacağı fikri ilə razı deyiləm. Qarşıda hələ iki tur var. Ondan sonra "Qarabağ" haqda düşünmək olar".