Roberto Bordindən qələbə şərhi

"Bu gün bizi çətin rəqib gözləyirdi. Bunu ilk dəqiqələrdən göstərdilər. Onların riskə gedəcəyini təxmin edirdik və buna hazır idik".

Sportline.az xəbər verir ki, bunları "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Rusiyanın "Arsenal" komandasını 3:0 hesabı ilə üstələyərək növbəti raunda yüksəldikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.

İtaliyalı mütəxəssis bildirib ki, "Neftçi"nin futbolçuları rəqibin təzyiqinə yaxşı tab gətiriblər və 49-cu dəqiqədə Rauf Əliyev hesabı açandan sonra vəziyyət dəyişib.

Baş məşqçi zədələnərək meydanı tərk edən kapitan Emin Mahmudovun həftə ərzində problem yaşadığını və tam güclə məşq edə bilmədiyini bildirib: "Bu zədə ilk oyunda yaranmışdı. Onun və digər oyunçuların durumu ilə sabah maraqlanacağıq. Çox güc itirmişik, bərpa olunmalıyıq. Növbəti rəqibə gəlincə, hazırda bir söz deyə bilməyəcəyəm. İndi qazandığımız qələbəni qeyd edək, sonra rəqib haqda düşünərik".

Bordin rəqibin yaxşı struktur və heyətə malik olduğunu söyləyib. O, Moldova və Rusiyada səfər oyunlarında komandanı dəstəkləməyə gedən "Forza Neftçi" azarkeş qrupunu İsraildə də görməyə şad olacağını vurğulayıb: "Azarkeşlər hər zaman bizi dəstəkləyiblər. Bütün tərəfdarlarımıza təşəkkür edirəm. Bu, bizim ümumi qələbəmizdir. Azərbaycan futbolu tarixində avrokubokda ardıcıl 4 qələbə qazanan baş məşqçi kimi tarixə düşməyimə sevinirəm. Amma bundan da önəmli məsələlər var. Önümüzə baxmalıyıq. İndi transfer haqda danışmaq tezdir. Bununla bağlı da fikir mübadiləsi aparacağıq".

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.