"Sabah" "Sumqayıt"a uduzdu
Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Sabah" və "Sumqayıt" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
SportLine.az xəbər verir ki, "Əlincə Arena"da keçirilmiş görüşdə qonaqlar qalib gəlib - 2:1. Hesabı 30-cu dəqiqədə "Sabah"ın oyunçusu Tural Qürbətov vurub. 79-cu dəqiqədə isə Nicat Qurbanov bərabərlik qoluna imza atıb. 82-ci dəqiqədə isə meydan sahiblərinin legioneri Filip İvanoviç topu öz qapısına göndərib.
Rəşad Əhmədovun baş hakim olduğu qarşılaşmada "Sabah"da çıxış edən Topaz Premyer Liqasının bombardiri Marko Deviç forma geyinməyib. "Sumqayıt"dan isə zədəli Vurğun Hüseynov, ağrıları olan Rail Məlikov və icazəli Əli Babayev meydana çıxmayıb. "Sabah"dan ilk yarıda qapıçı Tərlan Əhmədli ilə Vadim Abdullayev zədələnərək, meydanı tərk etməli olub.
Qeyd edək ki, bu komandalar arasında çempionat qarşılaşmasında da "Sumqayıt" qalib gəlib - 4:1.