Samir Abbasov: "Kanallar qarışmışdı"

"İlk oyunu məğlubiyyətlə başlamağımız heç də yaxşı olmadı. Bu gün iki fərqli hissə izlədik. İkinci hissənin əvvəlində səhvlərimiz oldu. Bununla da üstünlüyü rəqibə verdik".

Sportline.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, matçın taleyini penalti həll edib: "Penalti epizoduna gəlincə, top birinci "Səbail"in futbolçusu Mirabdulla Abbasovun, sonra Şafik Tiqrudjanın əlinə dəydi. Təəssüf ki, referi belə qərar qəbul etdi. Hər iki komandanın qol şansları oldu. Bizim də, rəqibin də dirəkdən dönən topları oldu. Özümüz özümüzə problem yaratdıq. Kapitan Cavid Hüseynovu oyuna yeni qan gətirmək üçün əvəzlədim".
 
Abasov növbəti həftələrdə daha yaxşı oynamağa çalışacaqlarını söyləyib: "Bəzi futbolçular çatdırmırdı. Kanallar qarışmışdı. Bizdən gözləntilər çoxdur. Ümidləri doğrultmağa çalışacağıq".