BOS-da qalmaqal: Sarri əsəbləşərək papağını yerə çırpdı

İngiltərənin "Çelsi" komandasının Avropa Liqasında "Arsenal"la keçirəcəyi oyundan öncə son məşqində futbolçular arasında qalmaqal baş verib.

Sportline.az xəbər verir ki, Bakı Olimpiya stadionundakı hazırlıq prosesi zamanı Qonsalo İquain və David Luis münaqişəyə girib. Argentinalı və braziliyalı oyunçular adi epizodda mübahisə ediblər. İquain komanda yoldaşına nə isə deməyə çalışsa da, Luis onu əli ilə itələyib.

Bundan sonra baş məşqçi Mauritsio Sarri "sambaçı" ilə söhbət etməyə başlayıb. Meydanı tərk edərkən isə italiyalı mütəxəssis kepkasını başından çıxararaq yerə tullayıb və təpiklə vurub. Sarri daha sonra kepkasını yerdən götürsə də, tunelə girərkən yenə qabağına atıb və daha bir təpik vurub.

Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 23:00-da başlanacaq.