"Səbail" komandasına texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "Səbail"in ikinci komandasına texniki məğlubiyyət verib.

Sportline.az xəbər verir ki, buna səbəb I divizionun VI turunun "Qarabağ-2" ilə oyununda "Səbail-2"nin heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsi olub. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 800 manat cərimə olunub.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.

İntizam Komitəsi "Neftçi-2” ilə oyunun 88-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan "Şüvəlan”ın futbolçusu Əzəmət Ələkbərlini 1 oyunluq cəzalandırıb, klubu 20 manat cərimələyib.

"Kəpəz" 6, "Ağsu" və "Zirə-2" isə 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə edilib.