"Səbail"in futbolçusu üsyan etdi

"Səbail" komandasının futbolçusu Yevgeni Koçuk evdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra brifinq keçirib. 

Sportline.az futbolçunun açıqlamasını tədim edir.

- Fasilədən sonra bütün komandaların istənilən səviyyədə çıxış etmələri çətin olur. Bugünkü matçda bərabər oyun gedirdi. İlk qolu biz vurduq. Bundan sonra hesabı qorumalı idik. Amma qırmızı vərəqə alaraq, 3 top buraxdıq. Oyunun əvvəlində isə təmiz penaltimiz verilmədi. Bilmirəm nəyə görə belə edirlər? "Keşlə" ilə matçda təmiz qolumuzu saymadılar. Penaltimizi vermirlər. Özümə də çox maraqlıdır ki, nəyə görə belə hallar baş verir.

Artıq 8 oyundur ki, qalib gələ bilmirsiniz. Bunun səbəbi nədədir?

- Heç də pis çıxış etmirik. Əksinə, yaxşı oynayırıq. Sadəcə, 8 oyundur yaratdığımız imkanlardan yararlana bilmirik.

- Amma bu matçda hesabda öndə idiniz. Qələbə üçün nə çatmadı?

- Sadəcə, konsentrasiya. 10 dəqiqə də dözmək lazım idi.

- Adil Nağıyevin qırmızı vərəqə alması üzündən azlıqda qalmağınız nəticəyə təsir etdi?

- Təsir etdi, amma qalan 5 dəqiqədə də 10 oyunçu ilə hesabı qorumaq olardı.

- Qış fasiləsinədək qalan 2 turda nəyə ümid edirsiniz?

- Oyunlara köklənəcək və meydana qələbə üçün çıxacağıq. Daha nə etməliyik? Pis nəticələr göstəririksə, çempionatda iştirak etməməliyikmi? Səhvlərimizi analiz edəcək, toparlanacaq və qalibiyyət uğrunda mübarizə aparacağıq.

- "Qara zolaq"dan çıxa biləcəyinizə ümidiniz var?

- Əlbəttə. Niyə də yox?! Sadəcə, bir oyunu udmağımız lazımdır. Gerisi özü gələcək. Mən belə hesab edirəm.