"Səbail"in qapıçısına ağır cəza verildi

AFFA İntizam Komitəsi "Səbail" klubunun qapıçısı Aleksandr Rıbkanı 3 oyunluq cəzalandırıb. 

Sportline.az xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin XXIV turda "Neftçi" ilə matçda sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətməsidir. Kluba bunun üçün 1600 manat məbləğində cərimə kəsilib. Futbolçuya verilən 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. 

Həmin görüşdə "Neftçi"nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün flaqman 800 manat məbləğində cərimələnib. 

XXIV turda "Keşlə" ilə səfər oyununda "Qəbələ"nin məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb və ona bir matçlıq cəza verilib. Əyalət təmsilçisi bunun üçün 800 manat ödəməli olacaq. 

Qeyd edək ki, "Səbail" - "Neftçi" matçı 2:2 hesabı ilə yekunlaşıb. "Qəbələ" isə "Keşlə"ni məğlub edib - 2:1.