"Səhvsiz adam olmur" - Kamran Ağayev

Azərbaycan millisinin və “Keşlə” klubunun qapıçısı Kamran Ağayev “Report”un suallarını cavablandırıb. 

SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Premyer Liqanın XV turundan evdə “Səbail”ə 0:3 hesabı ilə uduzduğunuz görüş barədə nə deyə bilərsiniz?

- Uduzduq, bu da o deməkdir ki, zəif oynadıq. Gözləmədiyimiz nəticədir, məğlub olmaq istəmirdik. Yaxşı oynamadıq, səhvlərə yol verdik.

- Səhvlərə yol verənlərdən biri də özünüz oldunuz...

- Səhvsiz adam olmur. Mətbuatı oxumuram, amma həmişə mənə qarşı qərəzli yazılar olub. Mənim üçün komandamda baş məşqçimin fikri vacibdir. Yazılanlara yox, baş məşqçinin tapşırıqlarına fikir verirəm. Uduzduq, yaxşı nəticə qazana bilmədik. Yenə deyirəm: səhvsiz adam olmur.

- Qış fasiləsindən sonra ilk matçdakı məğlubiyyətdən sonra baş məşqçi Tərlan Əhmədov komanda ilə görüş keçirərək təhlil aparıb?

- Bu, komandaya aid məsələdir, kənarda danışmaq olmaz.

- Uduzduğunuza görə baş məşqçi və rəhbərlik tərəfindən komandaya irad bildirildi?

- Peşəkar idmanda qələbə qazananda belə, iradlar olur. Kiminsə düzgün oynamadığı göstərilir və bu da normaldır.

- Baş məşqçi ilə aranızda gərginlik olduğu, bunun da klub rəhbərliyinin sizə sərbəstlik verməsindən qaynaqlandığı bildirlir...

- Çox şey yazırlar, amma bunların hamısına reaksiya vermək məcburiyyətində deyiləm. “Əldə etdiyimiz məlumata görə” formasında yazılan xəbərləri qeyri-peşəkar sayıram. İndi məşqə gedirəm, həmçinin oyuna çıxıramsa, demək, münasibətlərdə hər şey qaydasındadır. Baş məşqçi ilə aramız niyə gərgin olmalıdır ki?! Mən və ya digər futbolçu zəif oynayıb, səhvlərə yol verəcəksə, baş məşqçi irad bildirəcək, gərginlik yaranacaq. Bu, sərf həmin anla bağlıdır, ümumilikdə münasibətə aidiyyatı yoxdur.

- Reklama çəkilmək üçün Antalya toplanışını vaxtından əvvəl tərk etdiyiniz deyilir. Doğrudur?

- Bəli, tərk etmişəm. Amma bu, qeyri-rəsmi, icazəsiz olmayıb. Həm də reklam üçün yox, şəxsi həyatımla bağlı məsələdən ötrü Bakıya dönmüşəm. Komandadan iki gün qabaq qayıtmışam. Digər tərəfdən, lap, reklama çəkilmək üçün dönmüşəm, bunun kimə nə aiddiyatı var? Şəxsi işlərim heç kimə, o cümlədən, mətbuata maraqlı olmamalıdır. Bəli, “Coca Cola”nın reklamına çəkilmək də təklif edilib. Yazırlar ki, ciddi məbləğ müqabilində razılaşıb. Başa düşmürəm, pul qazanmağım niyə başqalarını qıcıqlandırır? Niyə qısqanırlar? Bu, şəxsi işimdir. İcazə ala da bilərəm, almaya da. Amma “Keşlə”də belə bir şey yoxdur. Hər şey baş məşqçinin bilgisi, icazəsi əsasında olur. İstənilən komandada səhv varsa, baş məşqçi ilə futbolçu arasında emosional gərginlik olacaq. Lakin bunun ümumi münasibətə aiddiyatı yoxdur. Nəticə axtarırsansa, gərginlik olacaq.

- Fevralın 10-da XVI tur çərçivəsində “Neftçi”nin qonağı olacaqsınız. Liderlə matç çətin keçəcək, yoxsa sizin üçün dönüş nöqtəsi ola bilər? 

- Azərbaycan futbolunda çətin oyun yoxdur. Bir-iki komandanı çıxmaq şərti ilə çətin nə var ki? Nəticə qazanmaq üçün vuruşmaq lazımdır. “Neftçi”yə qarşı oynadığımızı, rəqibin lider olduğunu düşünmürük. Öz oyunumuzu tapmaq haqda fikirləşirik. Baş məşqçinin tapşırığın yerinə yetirsək, qələbə də qazanarıq.