Sənan Qurbanov: "Daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarından biri “Qəbələ” və “Qarabağ” komandaları arasında keçirilib.

Sportline.az xəbər verir ki, minimal hesabla qalib gələn meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov görüşlə bağlı təəssüratlarını bölüşüb.

“Zirə” ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda “Qarabağ” kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. “Qarabağ”la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik. Çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyətlə dərk etdilər. Bu, sadəcə olaraq ilk oyun idi. İkinci görüşdə daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq. Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq".

Çempionatın bütün matçlarında “Qarabağ”a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq”.