Sənan Qurbanov: "Kuboku qazanıb Avropa Liqasına getmək istəyirik"

"Qəbələ"nin Azərbaycan kubokunun finalına hazırlığı davam edir.

Sportline.az xəbər verir ki, komanda Bakıda kubok ərəfəsində son məşqlərini edib.

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov saytımıza final görüşü ilə bağlı açıqlama verib.

"Məşqlərimizi edirik. Finala yüksək səviyyədə hazırlaşırıq. Təəssüf ki, Avrokuboklara vəsiqə qazana bilmədik. Amma indi bunun üçün əla imkan var. Kuboku qazanıb Avropa Liqasına getmək istəyirik. Naxçıvanda əlimizdən gələni edəcəyik.

Yeni rəhbərlikdən asılı olmayaraq "Qəbələ" işini yüksək səviyyədə davam etdirir. Fariz Nəcəfov öz içimizdən biridir. Yaxşı ki yeni rəhbər öz içimizdən biri oldu".

Komandanın kapitanı Cavid Hüseynov da finalla bağlı fikirlərini bildirib: "Qəbələ" həmişə yüksək yerlərə oynayan komanda olub. Bu il 4-cü olduq. Amma kubokun finalındayıq. Həlledici görüşdə hər şeyimizi ortaya qoyacağıq. Yalnız qələbəyə köklənmişik".

Qeyd edək ki, "Qəbələ" klubu final üçün mayın 17-də axşam saatlarında Naxçıvana yollanacaq. "Sumqayıt"la həlledici görüş mayın 19-da saat 16:30-da başlanacaq.