Sənan Qurbanov: "Kuboku Tale Heydərova ərmağan etmək istəyirik"

Azərbaycan kubokunda yarımfinalın cavab qarşılaşmasında "Qəbələ" "Qarabağ" 1:2 hesabıyla məğlub olsa da, səfərdəki minimal hesablı qələbəyə görə finala yüksəlib.

Sportline.az xəbər verir ki, oyundan sonra ənənəvi mətbuat konfransında çıxış edən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov təəssüratlarını bölüşüb.

- Bilirdik ki, ağır oyun olacaq. Rəqib bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi. Futbolçuları təbrik edirəm. “Qəbələ” 4-cü dəfədir ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdur.

- 2:0-dan sonra ümidləriniz tükənmişdi?

- Sona qədər özlərinə inanmağa çağırmışdıq uşaqları. Şükürlər olsun ki, uşaqlar özlərinə inandılar. Özüm də inanırdım ki, lazım olan qolu vura biləcəyik.

- Finalda “Zirə”ni, yoxsa “Sumqayıt”ı görmək istəyərsiniz?

- Fərq etmir. Çünki, final 1 oyundan ibarətdir. Burada emosiyalar düzgün cilovlanmalıdır. Qarşılaşmaya maksimal konsentrasiya ilə çıxmaq lazımdı.

- Naxçıvana gedəcəksiniz? Hər halda, finalda məşqçilər üçün ayrılan yerdə olmayacaqsınız.

- (gülür) Gedəcəm. Orada tribunada yerim olacaq.

- Texniki zonada olmamağınız komandaya nə dərəcədə təsir edəcək? Hər halda, komanda siz qovulduqdan sonra vurdu.

- Konsentrasiyanı itirməməliyik. Oyuna maksimum hazırlaşmalıyıq.

- Mükafat oyundan əvvəl bilinirdi nə qədər olacaq?

- Xeyr. Bir amalımız var idi. Kuboku istefa vermis Tale Heydərova ərməğan etmək istəyirik.