Sənan Qurbanovdan qələbə şərhi

Topaz Premyer Liqasının 25-ci turunda “Qəbələ” “Zirə”ni 2:1 hesabıyla məğlub edib

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında görüşlə bağlı təəssüratlarını bölüşüb.

“Çətin oyun olacağını bilirdik. Çünki rəqibimiz yaxşı komanda idi. “Zirə”nin öz oyun üslubu var. Belə komandalara qarşı oynamaq çətindir. Futbolçularımız həm müdafiədə, həm hücumda verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bunun daha çox alındığını söyləmək olar. Üzərində çalışdığımız elementlərdən qol vurduq. Bu, bizi sevindirən amildir.

Oyunçuları təbrik etmək istəyirəm. Zədəli futbolçularımız bu gün meydana çıxdılar, mübarizə apardılar, xarakter göstərdilər. Növbəti matça hazırlaşacağıq. Dmitri Bezotosnı bizim üçün çox vacib futbolçudur. Futbolda zədələrdən qaçmaq olmur. İlkin müdaxilə edilib. Yaxın günlərdə müayinədən sonra zədənin nə dərəcədə ciddi olacağını biləcəyik. Nəinki “Səbail”lə oyun, hər qarşılaşma bizim üçün vacibdir. Hər oyun üç xaldır. Bilirdik ki, futbolçular cəzalı duruma düşə bilər. Oyunçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik. Onlara qaydalar çərçivəsində aqressiv oynamağı və emosiyaları düzgün bölməyi tapşırırıq. Elvin Camalov meydanda böyük iş gördü. Aldığı sarı vərəqə üçün onu qınamaq olmaz”.