"Sevilya"nın futbolçusuna 3 oyunluq cəza

İspaniya Kral Futbol Federasiyası "Sevilya"nın futbolçusu Lukas Okamposa 3 oyunluq cəza verib.

Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, La Liqanın XIV turunda "Valyadolid"i 1:0 hesabı ilə məğlub etdikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan 25 yaşlı yarımmüdafiəçi daha sonra baş hakimi hədəfə alıb. Argentinalı oyunçu meydanı tərk edən vaxt referiyə qarşı müxtəlif ifadələr işlədib.

Okampos bu səbəbdən, "Leqanes", "Osasuna" və "Vilyareal"la matçlarda iştirak etməyəcək. 

Qeyd edək ki, "Sevilya" bu gün Avropa Liqasının V tur matçında "Qarabağ"la qarşılaşacaq. "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.