Şahin Zəkiyev: "Gözümdə olan problemə görə yaza bilmirəm"

Topaz Premyer Liqasında 25-ci turun "Qarabağ" - "Keşlə" görüşündə qonaqlardan Şahin Zəkiyev zədələnərək xəstəxanaya aparılmışdı.

Sportline.az xəbər verir ki, sosial şəbəkə hesabında açıqlama verən gənc qapıçı hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

"Qardaşlar, Allah hamınızdan razı olsun. Hər birinizə minnətdaram. Şükürlər olsun, hər şey qaydasındadır. Yaxşılığa doğru gedirəm. Yanıma gələnlər, zəng edənlər, mesaj yazanlar, inanın ki, məni çox sevindirdiniz. Bir daha hər kəsə təşəkkür edirəm. Cavab verə bilmədiyim insanlar üzrlü hesab etsinlər, çünki gözlədiyimdən də artıq mesaj gəldi. Həm də gözümdə olan problemə görə yaza bilmirəm. Bacardığım qədər hər kəsə cavab vermək istəyirəm. Bir daha çox sağ olun!"

Qeyd edək ki, matçın 18-ci dəqiqəsində Mahir Mədətovla toqquşan Zəkiyevin burnunda və almacıq sümüyündə sınıq aşkar edilib.